YAZILI ABİDƏLƏRİN ELEKTRON KİTABXANASI YARADILIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2013-cü il 9 aprel tarixdə Sərəncam imzalyıb. Bu mühüm sənədi rəhbər tutaraq və Dövlət Proqramının icrasına dair Tədbirlər Planının “Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması”nın 6.4.4. bəndinə əsasən, bu gün Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaların elektron kitabxanasının yaradılması işi müasir tələblərə uyğun şəkildə aparılır.
İnstitutun zəngin xəzinəsində saxlanılan Azərbaycan, türk, ərəb, fars, özbək və başqa dillərdə olan tibbə, astronomiyaya, riyaziyyat və mineralogiyaya, fəlsəfəyə, tatix və coğrafiyaya, bədii ədəbiyyata və s. aid nadir, qiymətli əlyazmaların rəqəmsallaşdırılmasının əsas məqsədi Dövlət Proqramında göstərildiyi kimi, əlyazmalardan istifadəni asanlaşdırmaq, onların mühafizəsini təmin etmək, eyni zamanda Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələri olan əlyazmaların gələcək nəsillərə çatdırılmasıdır.
Hazırda əlyazmaların elektron kitabxanasının yaradılması işi davam edir. Bugünə qədər 1009 nüsxə türk,ərəb, fars dilli əlyazma (bunlardan 873 nüsxə türk dilli əlyazma) Book Drive DİY kitab skanerində skan edilib. Skan edilmiş materiallar işlənib (yəni müvafiq ölçüyə salınıb), görüntüsü optimallaşdırılıb (müəyyən həcmə salınıb), pdf formatına konvertə edilib, faylların həcmi optimallaşdırılıb, işlənmiş material elektron kitabxananın bazasına daxil edilib.
Əlyazmaların elektron kitabxanasından istifadəni təmin etmək məqsədilə elektron kitabxananın yaradılması işi ilə yanaşı, türk, ərəb, fars dilli əlyazmaların elektron kataloqunun formalaşması ИРБИС-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi (AKİS) vasitəsilə həyata keçirilir. ИРБИС-64 AKİS-i kompyüterlərə yüklənmiş, sistemin işçı yerləri və serveri quraşdırılmış, lokal şəbəkə yaradılmış, əməkdaşlar üçün təlim keçirilmişdir. Qeyd edək ki, ИРБИС-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi vaxtaşırı yenilənir və hazırda İnstitutun rəhbərliyi tərəfindən əldə edilmiş həmin sistemin düzəlişlər və əlavələr olunmuş son versiyası artıq tətbiq olunur.
Beləliklə, bugünə qədər 4 330 nüsxə türk, fars, ərəb dilli əlyazma və 720 nüsxə türk dilində əski çap kitabı yeni standartlar əsasında işlənmiş, elektron kataloqun bazasına daxil edilmişdir.