ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

21.09.2015

ƏLYAZMALAR INSTITUTUNUN DIREKTORU AKADEMİK TEYMUR KƏRİMLİ “ŞƏHRİYAR ŞEİR ƏNƏNƏLƏRİ VƏ MÜASİRLİK” MÖVZUSUNDA KEÇİRİLƏN ELMİ-PRAKTİKİ KONFRANSDA ÇIXIŞ ETMİŞDİR

Teymur KƏRİMLİ

Heydərbaba, Şəhriyar nə haldadı?
Yəqin yeri behişti-əladadı!
Genə sinən gül-çiçəkdi, laladı,
Bir yel əsir, Şəhriyardan xəbər yox,
Ölüm haxdı, qoruq-qaytaq, çəpər yox...

Heydərbaba, nələr dedi Şəhriyar?
Xoş danışdı, şəkər yedi Şəhriyar.
Yəqin bil ki, əbədidi Şəhriyar! –
Ölməzliyin paltarını geyibdi,
“La ühübbül afilinə” deyibdi...

XX yüzillikdə İran və Azərbaycan xalqlarının dünya ədəbi-mədəni və fəlsəfi fikrinə bəxş etdiyi dahilər arasında ən birinci yerlərdən birini, şübhəsiz ki, böyük mütəfəkkir şair Seyid Məhəmmədhüseyn Şəhriyar tutur.
Şəhriyar yeni dövrün klassiki olmaqla yanaşı, həm də başdan-ayağa klassik ədəbiyyata köklənmiş humanist bir sənətkar kimi diqqəti cəlb edir. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadədən başlayaraq formalaşmış yeni dövr klassikləri isə öz sələflərindən onunla fərqlənirdilər ki, onlar Şərq poetik-fəlsəfi qaynaqları ilə yanaşı, həm də özlərinə çağdaş Qərb poetik-fəlsəfi qaynaqlarından bəhrələnirdilər. Əlbəttə, aydındır ki, bu proses Güneyə nisbətən Quzey Azərbaycanda daha güclü və sistemli şəkildə gedirdi. Şərqə dərindən bələd olub Qərb ədəbi ənənələri və poetik formaları əsasında yazıb yaradan Quzey sənətkarlarının əsərləri Güneydə ədəbi prosesə də təsirsiz qalmırdı. Bunun nəticəsində Güney ədəbiyyatı da ezoterik ədəbiyyatdan ekzoterik ədəbiyyata doğru yön alır, müxtəlif taleyüklü humanist problemlər qoyub onların həlli yollarını təklif edirdi. Güneydə bu prosesdən ən səmərəli şəkildə faydalanan çağdaş şairlərdən biri, bəlkə də birincisi Şəhriyardır. Şəhriyarın islam mədəniyyətinin hər üç aparıcı dilinə - ərəb, fars və türk dillərinə dərindən dərinə bələd olması ilə yanaşı, həm də Qərbin aparıcı ədəbi-fəlsəfi dillərindən biri olan fransız dilini də gözəl bilməsi – onun qlobal problemlər qoyan dünya səviyyəli bir şair kimi yetişməsində mühüm rol oynamışdır.
Fars və Azərbaycan dillərində zəngin və rəngarəng bir poetik irs qoymuş Şəhriyar yaradıcılığını ən müxtəlif yönlərdən araşdıraraq, onun hər iki xalqın ədəbiyyatının inkişafında oynadığı əvəzsiz rolu üzə çıxarmaq mümkündür. Əlbəttə, bunun üçün böyük monoqrafiyalar yazmaq, illərlə tədqiqat aparmaq lazım gələrdi və onu da qeyd edək ki, bu sahədə indiyə qədər müəyyən sanballı tədqiqatlar da işıq üzü görüb. Ancaq bizim məqsədimiz Şəhriyar irsinin tədqiq tarixini araşdırmaq olmadğından, bu məruzəmizdə Şəhriyar yaradıcılığının yalnız bir cəhəti – onun şifahi xalq ədəbiyyatından necə böyük ustalıq və sənətkarlıqla bəhrələnməsi üzərində apardığımız müşahidələri ümumiləşdirməyə çalışacağıq.
Əslində, Şəhriyarın yaradıcılığı başdan-başa klassikadan yaradıcı bəhrələnmənin klassik örnəyidir və biz də bu geniş və ucsuz-bucaqsız mövzunun yalnız bəzi yönlərinə şairin “Türk divanı” əsasında toxunmaqla kifayətlənməli olacağıq.
Şəhriyar və klassik irs dedikdə ilk növbədə onun Azərbaycan şifahi xalq ədəbiyyatı ilə dərin və qırılmaz əlaqələrini göz önünə almaq vacibdir. Xalq yaradıcılığına dərindən bələd olan Şəhriyarın əsərlərini oxuduqca elə təsəvvür yaranır ki, o, folklorumuzun həqiqi bir sinədəftəridir. Şair özü “Türkün dili” şeirində həmin folkloru belə qiymətləndirir:

Türkün məsəli, folkloru dünyada təkdi,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz. (s. 100)

“Türk divanı”nda xalq yaradıcılığının məhsulu olan “Dədə Qorqud”, “Koroğlu”, “Əsli və Kərəm”, “Sara və Xançoban”, “Qaçaq Nəbi” dastanlarının obraz və motivlərindən yüksək sənətkarlıqla istifadə edilmişdir. “Səhəndim” şeirində Dədə Qorqudun adını fəxrlə çəkən şair “Kitabi-Dədə Qorqud”u öz “dastanı” adlandırır, bu adın məna tutumundakı yüksək dəyərlərə arxalanması ilə öyünür:

Eşit öz qissəmi, dastanımı, dastanlı Səhəndim:
Səni Heydərbaba ol nərələrilə çağıranda,
O səfil, darda qalan, tülkü qovan şir bağıranda,
Şeytanın şıllağa qalxan qatırı noxta qıranda
Dədə Qorqud səsin aldım, dedim arxamdı, inandım,
Arxa durduqda, Səhəndim, Savalantək havalandım,
Selə qarşı qavalandım. (s. 66)

Görkəmli şərqşünas-alim, professor Rüstəm Əliyevə müraciətlə yazılmış “Döyünmə-söyünmə” şeirində isə “Dədə Qorqud” qəhrəmanlarından Dəli Domrulun adını çəkən şair onu Güneyin və Quzeyin qəhrəman keçmişinin ortaq dəyəri, iki qardaşın düşmən qabağında mətin duran səngəri kimi vəsf edir:

Rüstəm, sənə qurban, bu salamı götürərsən,
Ol qəhrəman ellərdə gəzərkən yetirərsən,
Ordan da gələndə bizə şadlıq gətirərsən.
Deynən, Domurul bürcünü düşmən yıxa bilməz,
Qardaş nə qədər yadlaşa, yaddan çıxa bilməz! (s. 95-96)

Şəhriyarın sıx-sıx müraciət etdiyi qəhrəmanlıq dastanlarımızdan biri də “Koroğlu” dastanıdır. Şair müxtəlif duyğu və yaşantılarını daha təsirli şəkildə təqdim etmək üçün bu xalq incisinə üz çevirir, ondan yaradıcılıqla bəhrələnməyə nail olur. “Heydərbabaya salam” poemasının lirik-nostaljik ovqata köklənmiş birinci hissəsində uşaq ikən haqqında eşitdiyi və sevdiyi Koroğlu, Qırat, Eyvaz obrazlarını da məhəbbət və həsrətlə yad edir:

Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib kəsib-biçəndə
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çıxmayınca yatmaram. (s.48)

“Koroğlu” dastanındakı, belə demək mümkünsə, atnamələrin təsiri altında yazılmış “Bədöv at” şeiri də Şəhriyarın folklora müraciətinin maraqlı örnəklərindən biri kimi nəzərə çarpır. Şair qoşmanın ölçüsünü və bölgüsünü saxlasa da, onun əsas əlamətlərindən biri olan qafiyə sistemində dəyişiklik aparmış və klassik ədəbiyyatdakı qitə formasına salmışdır:

Bədöv minib ay bədöv bəsləyənlər,
Bədövdə nişana neçə gərəkdi.
Fınxırıb çımxırıb xub şığıyanda
Ceyrantək tullanıb keçə gərəkdi.
Uzaq qaraltısı qarışqadısa,
Qulaxlar şaxlanıb seçə gərəkdi.
Dırnağı altında daş-qum, dağ-dərə
Döşənib yumuşaq keçə gərəkdi.
Səlqəli bal pətək saxlayanındır,
Mənim də şan balım beçə gərəkdi. (s.112)

Göründüyü kimi, şeirin son beyti sanki məzmun baxımından da əvvəlki misralarla əlaqəsini itirir; ancaq diqqətlə yanaşdıqda, şairin burada incə bir poetik analogiya aparmaq məqsədi aşkar olur: əsil bədöv at ideal və mükəmməl olduğu kimi, Şəhriyarın şeiri də beçə balı qədər ideal ləzzətə və mükəmməl gözəlliyə malikdir.
“Əsli-Kərəm” şeirinə bir haşiyə” adlı qitə də Şəhriyarın Azərbaycan dastanlarının ruhuna necə yaxından bələd olduğunun göstəricilərindən biridir. Burada maraq doğuran cəhət – şeirin əvvəlində “Əsli-Kərəm” dastanından epiqraf kimi verilmiş və Şəhriyarın da təzmin etdiyi bir bənddir:

Kərəm deyər, mən bir səfil səyyadam,
Hər marala tor ataram, mar gəli.
Yad bağının bülbülləri oxuyur,
Bizim yurda siyrə də yox, sar gəli. (s.129)

Yeri gəlmişkən qeyd edək ki, yuxarıda adını çəkdiyimiz nəşrdə “yad bağı” əvəzinə “yar bağı” yazılmış, bu isə kinayəli təzad üzərində qurulmuş bəndin poetik tutumunu və estetik təsir gücünü yarıbayarı azaltmışdır. Sözümüz bunda yox, mətləbə keçək. “Kərəm” adı çəkildiyindən, poetik qaydaya görə bu, qoşmanın son – tapşırma bəndi olmalıdır; ancaq eyni zamanda, qafiyələnmə sisteminə görə (a-b-c-b) ilk bənd funksiyasını daşıyır. Demək, Şəhriyar həmin epiqrafı dastandan olduğu kimi götürməmiş, müəyyən “redaktə” işləri də aparmışdır. Dastanın özündə isə həmin qafiyə və rədif üzərində qurulmuş qoşma aşağıdakı bəndlə başlanır:

Ərzurumun gədiyinə varanda
Onda gördüm burum-burum qar gəlir.
Lələ dedi gə bu yoldan qayıdaq,
Dedim lələ, qeyrət mana ar gəlir.

Göründüyü üzrə, burada lirik ovqat daha güclüdür və Şəhriyara da bu deyil, məhz yuxarıdakı “sintetik” bənddə özünü göstərən sarkastik şikayət ovqatı gərək imiş. Həmin ovqat isə qoşmanın tapşırma bəndində özünü daha aydın şəkildə göstərir:

Dərdli Kərəm deyər, halım yamandı,
Yarı görmüyəli xeyli zamandı.
Bu ellərdə qış bahardı, çəməndi,
Bəs nə üçün bizə yağmur, qar gəlir?

Təzmindən bir neçə misraya nəzər salsaq, məhz bu ovqata köklənməyi aşkar görərik:

Evdə bir il ah çəkərəm, xəbər yox,
Evdən çıxam mən o yana, yar gəli.
Tay-tuşlarım çölə çıxa, gün çıxar,
Mən çıxanda yağış getsə, qar gəli.
Xan evinə şir gələ quyruq bular,
Bizim evə kor it gələ, har gəli. (s. 129)

Misraların birində isə, Şəhriyar dastandakı bənddə olan “qeyrət mənə ar gəli” ifadəsini olduğu kimi işlətmişdir. “Bədöv at” təzminində olduğu kimi, bu şeiri də Şəhriyar fəxriyyə ilə bitirir və bununla da mükəmməl poetik təzad yaradaraq öz bəxtindən bayaqdan etdiyi şikayətlər üzərində yüksəlmiş olur:

Çox şairin təbi donar buz kimi,
Şəhriyarın şeiri də qaynar gəli. (s.130)

“Qaçaq Nəbi” şeiri də Şəhriyarın xalq dastan yaradıcılığı örnəklərindən yüksək səviyyədə bəhrələnmək qabiliyyətinin parlaq göstəricilərindən biridir. Bəri başdan qeyd edək ki, Şəhriyarın folklordan bəhrələnmələri arasında bu şeir ən çox ictimai-patriotik məzmun daşıyanı sayıla bilər. Şair burada Nəbinin çar rejimindən qaçaq düşməsi ilə özünün şah rejimi tərəfindən vətəndən sürgün olunmasını çox yüksək poetik tərzdə əlaqələndirməyə, dünyanın və insanların vəfasızlığını bu kontekstdə təqdim etməyə nail olmuşdur:

Vətəndən doymuşam, məni qınama,
Dur gedax, bu xəlqi artıq sınama.
Dur görüm! Bu ağac bənzir anama,
Telindən qoy qırım bir saçax, Nəbi,
Ay qoçax Nəbi! (s.91)

Şəhriyar “Ancela” şeirində “Sara-Xançoban” dastanına işarə etmiş və lirik qəhrəmanın psixoloji vəziyyətini faciəvi əsərin süjeti ilə tutuşdurmuşdur:

Hər kimsəyə qəmdən bu bir hissədir,
Ata dağı bir dağ kimi qüssədir.
“Sel Saranı apardı” tək qissədir,
El yarası, sel Sarası – Ancela. (s.107)

Beləliklə, yuxarıda artıq qeyd etdiyimiz kimi, Şəhriyarın bir klassik kimi formalaşmasında klassik irsin böyük rolu olmuşdur ki, burada biz ancaq onun bir yönünü qısaca nəzərdən keçirməklə kifayətləndik.
Diqqətinizə görə sağ olun!



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014