Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
İNSTİTUTUN TARİXİ
M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurası

     Azərbaycan ərazisində ilk müsəlman kitabının XI əsrdə yazıldığı məlumdur. Babalarımız həmin dövrdən başlayaraq ərəb, fars və türk dillərində nəfis əlyazma nümunələri yaratmış, dünyanın elm və mədəniyyət dühalarının kitablarını Azərbaycana gətirmiş, milli kitab mədəniyyətimizi zənginləşdirmişlər. Mənbələr orta əsrlərdə tarixi Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplandığını göstərir.
Tarixin ayrı-ayrı dövrlərində, o cümlədən XX əsrin birinci yarısında Azərbaycan əlyazmalarına qarşı xüsusi qəddarlıq müşahidə edilmiş, onların böyük bir hissəsi müxtəlif vulqar bəhanələrlə məhv edilmişdir. 1924-cü ildə xalqın yazılı irsinin şüarçılıqla sıradan çıxarıldığını görən bəzi ziyalılarımızın təşəbbüsü ilə I Ümumazərbaycan Ölkəşünaslıq Qurultayında əlyazma kitablarının, sənədlərin və qədim çap kitablarının bir yerə toplanması və ayrıca kitabxanada saxlanması haqqında qərar qəbul edilmiş, bu iş 1929-cu ildən həyata keçirilməyə başlamışdır. Toplanmış abidəbr ovaxtkı Azərbaycanı Öyrənmə və Tətəbbö Cəmiyyətində kitabxana şəklində mühafizə edilməyə başlamış, sonralar akademiyanın müxtəlif müəssisələrində saxlanılmışdır. 1950-ci ildə toplanmış materialların sayının artdığını, onların saxlanması üçün xüsusi mühafizə və iqlim rejiminin vacibliyini görən Azərbaycan Elmlər Akademiyası təşəbbüs qaldırmış və Azərbaycan SSR Nazirlər Soveti ayrıca bir müəssisə kimi Azərbaycan SSR EA Respublika Əlyazmalar Fondu (RƏF) yaradılması haqqında qərar qəbul etmişdir. Həmin vaxtdan başlayaraq, RƏF-in kolleksiyası ildən-ilə zənginləşmiş, onun elmi kadr potensialı güclənmiş, fəaliyyət dairəsi durmadan genişlənmişdir. 80-ci illərdə artıq RƏF akademiya sistemində özünə layiqli yer tutmuş bir institut səviyyəsində fəaliyyət göstərirdi. Bunu nəzərə alan akademiyanın və fondun rəhbərliyi Moskva qarşısında RƏF-in bazasında elmi-tədqiqat institutunun yaradılması haqqında məsələ qaldırmış, lakin «perestroyka» adı altında müxtəlif müəssisələrin ləğv edildiyi və ya birləşdirildiyi bir vaxtda bu məsələ uzun müddət get-gələ salınmışdır. Yalnız 1986-cı ildə Moskvada işləyən Heydər Əliyev cənabları məsələyə qarışandan sonra Moskva həmin ilin oktyabr ayında Azərbaycan SSR EA Əlyazmalar İnstitutunun yaradılmasma icazə vermişdir. 1996-cı ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının xüsusi Sərəncamı ilə Əlyazmalar İnstitutuna dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.
Bu gün Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərq yazdı abidələri toplanmış əlyazma mərkəzlərindən biri sayılır və şimallı-cənublu Azərbaycan əlyazmalarının mühafizə edildiyi yeganə milli institut kimi fəaliyyət göstərir.
Hazırda Əlyazmalar İnstitutunun kolleksiyasında ümumi sayı 60 minə yaxın olan müxtəlif xarakterli materiallar saxlanılır. Bunlardan 12 minə yaxını əlyazma kitabıdır (hər kitabda orta hesabla 4-5 əsər yazıldığını nəzərə alsaq, 40 mindən yuxarı əsərin əlyazmasıdır), qalanları isə tarixi arxeoqrafik sənədləri, XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısı (Səməd Vurğuna qədər) Azərbaycan mədəniyyət xadimlərinin şəxsi arxivlərini, daşbasma və əski çap kitablarını, əski dövri mətbuat materiallarını, foto və kserosurətləri, mikrofilmləri, həmçinin azərbaycanşünaslığın müxtəlif sahələrinə dair müasir kitabları əhatə edir. Min illik bir dövrü ehtiva edən Azərbaycan və digər Müsəlman Şərqi ölkələrinin türk, ərəb və fars dillərində yazılmış abidələri institutda yaradılmış xüsusi iqlim şəraiti olan xəzinələrdə mühafizə edilir. Şərqin, demək olar ki, bütün böyük klassiklərinin əsərləri və ya onlardan nümunələr institutun kolleksiyasında təmsil olunmuşdur.
Əlyazmalar İnstitutunun əsas prioritet fəaliyyət istiqaməti azərbaycanşünaslıq olub, burada qorunan abidələrin mühafizə şəraitinin daim müasirləşdirilməsi, onların müntəzəm dezinfeksiya, gigiyena və bərpası məsələlərinin həlli, əlyazmaların kataloqlaşdırılması və sistemləşdirilməsi, onların tədqiq edilməsi və nəşr etdirilərək elmi tədavülə və müasir nəsillərə çatdırılması ilə bağlıdır.
Azərbaycan əlyazmalarının öyrənilməsi və nəşri, Azərbaycan əlyazmaşünaslığının metodoloji və elmi-nəzəri problemlərinin işlənib-hazırlanması əlyazmaşünas alim və tədqiqatçılar qarşısında duran ən aktual və vacib məsələlərdir.
Ümumiyətlə respublikada yazılı abidələr üzərində indiyədək aparılan elmi axtarışlarda mühüm nailiyyətlər əldə edilmişdir. Bu sahədə Əlyazmalar İnstitutu alimlərinin qazandığı uğurlar ayrıca qeyd edilə bilər. Keçən əsrin 50-80-ci illərində müəssisədə Azərbaycan humanitar elminin Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı, Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə Cəfərzadə kimi simaları çalışmışlar. Həmin dövrdə Azərbaycan əlyazmaşünaslığının bir sıra sahələrinin əsası qoyulmuş və ya azərbaycanşünaslığın ayrı-ayrı istiqamətləri inkişaf etdirilmişdir.
Müəssisənin fəaliyyətə başlamasının ilk onilliklərində kollektivin üzvləri tərə-findən «Kitabi-Dədə Qorqud»un mətni, Xaqani Şirvani, Şeyx Mahmud Şəbüstəri, Seyid İmadəddin Nəsimi, Kişvəri, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Lütfəli bəy Azər, Mirzə Həsən Qarabaği və b. kimi bir sıra klassiklərin irsi öyrənilmiş və əsərləri nəşr etdirilmişdir. Bu dövrdə RƏF-in alim və tədqiqatçıları əlyazmaşünaslıqla bağlı bir sıra metodoloji problemlərin üzərində işləmiş, filologiyanın bu sahəsinin inkişafı üçün ilk elmi-təcrübi töhfələrini vermişlər. Fazil Seyidov «İki mininci ilə qədər hicri, miladi və şəmsi illəri cədvəli»ni, Pənahi Makulu iri həcmli «Ədəbi məlumat cədvəli»ni, Qulam Darabadi «Kalliqrafiya» monoqrafiyasını nəşr etdirmiş, M.Sultanov əlyazmaların elmi-paleoqrafik təsviri metodunu işləyib-hazırlamışdır. 50-60-cı illərdə müəssisənin fondunda mühafizə edilən şəxsi arxivlərin elmi təsviri işi də başlanmış, 1955-ci ildə Ağəmi İbrahimov «Mirzə Fətəli Axundov arxivinin təsviri»ni nəşr etdirməklə biblioqrafik kataloq tərtibinin əsasını qoymuş, 1961-ci və 1965-ci illərdə Mərziyə xanım Paşayeva «Cəlil Məmmədquluzadə arxivinin təsviri» və «Cəfər Cabbarlı arxivinin təsviri», 1962-ci ildə Cənnət xanım Nağıyeva «Süleyman Sani Axundov arxivinin təsviri»ni nəşr etdirmişlər. 60-cı illərdən başlayaraq, müəssisədə mühafizə edilən əlyazmaların kataloqlaşdırılması təcrübəsi həyata keçirilmişdir. İnstitutun ilk «Əlyazmalar kataloqu» M.Sultanovun və C.Qəhrəmanovun redaktəsi altında 1963 və 1977-ci illərdə (iki cilddə) nəşr edilmiş, bundan sonra əlyazmaların kataloqlaşdırılması işinə daha əhatəli münasibət bəslənmiş və (hələlik) 9 cilddə kataloqlar tərtib edilmişdir. 1970-ci ildə Ə.Məmmədov Şah İsmayıl Xətainin, üç il sonra C.Qəhrəmanov İmadəddin Nəsimi irsinin elmi-tənqidi mətnlərini hazırlayıb nəşr etdirmiş və bununla da institutda sonrakı dövrlərdə türkdilli abidələrin orijinal qrafikada elmi-tənqidi mətninin hazırlanması işlərinin genişləndirilməsinə yol açılmışdır. 1970-ci ildə C.Qəhrəmanov «Nəsimi «Divan»ının leksikası» adlı fundamental tədqiqatını nəşr etdirməklə ümumiyyətlə Azərbaycanda linqvistik mənbəşünaslıq sahəsinin əsasını qoymuş, sonralar alimin rəhbərliyi altında bu sahə daha da inkişaf etdirilmişdir.
70-80-ci illərdə müəssisənin M.Sultanov, C.Qəhrəmanov, Ə.Məmmədov, C.Nağıyeva, F.Seyidov, M.Paşayeva, Şamil Cəmşidov, Nəsrəddin Qarayev, Mehri Məmmədova, Elmira Seyidbəyli, Tahirə Nurəliyeva kimi təcrübəli mütəxəssisləri ilə ünsiyyət şəraitində Azadə Musayeva, Möhsün Nağısoylu, Kamandar Şərifov, Əbülfəz Əliyev, Nəsib Göyüşov, Arif Ramazanov, Aydm Xəlilov, Tahirə Həsənzadə, Zəminə Hacıyeva, Hacı Mayıl Əliyev, Əkrəm Bağırov, Söhrab Bayramlı, Müqəddəs Payızov, Müzafəddin Əzizov, Həsənağa Nəcəfov, Adil Sadıqov, Təyyar Əkbərov kimi mütəxəssislər yetişmiş, həmin dövrdə Azərbaycan əlyazmalarının mühafizəsi, tədqiqi və nəşri işinin inkişafına öz töhfələrini vermişlər.
Ancaq bütün nailiyyətlərinə baxmayaraq, institut öz fəaliyyətinin ən coşqun dövrünə məhz Azərbaycan Respublikasının milli istiqlaliyyətinin bərpa edilməsindən sonra qədəm qoymuş, adı çəkilən alim və tədqiqatçılarla yanaşı, Fərid Ələkbərov, Paşa Kərimov, Əli Əliyev, Nailə Səmədova, Sevər Cabbarlı, Rəna Məmmədova, Zəkiyyə Əbilova, Aybəniz Rəhimova, Sona Hadıyeva, Mustafa Əliyev, Rauf Şeyxzamanlı və b. kimi gənc kadrların elmi potensialı tam gücü ilə məhz bu dövrdə açılmışdır. Müqayisə üçün göstərmək olar ki, 60-cı illərin sonunda müəssisədə cəmi 47 əməkdaş, o cümlədən 3 elmlər doktoru və bir neçə elmlər namizədi işlədiyi halda, bu gün institutun təkcə elmi işçilərinin sayı 100-ə çatmışdır ki, onların da arasında 7 elmlər doktoru və 34 elmlər namizədi fəaliyyət göstərir. Sovet dövründə institutun əməkdaşları hər il vur-tut 2-3 kitab nəşr etdirməyə nail olurdularsa, 1991-ci ildən başlayaraq, institutun elmi nəşrlərinin sayı yüksələn xətt üzrə inkişaf etmiş, müəssisə, demək olar ki, hər il respublika səviyyəli elmi konfrans və seminarlar keçirmiş, Bakıda keçirilmiş ən böyük beynəlxalq elmi forumların təşkilində fəal iştirak etmişdir. 90-cı illərin ikinci yarısından burada hər il nəşr edilmiş kitabların sayı 10-u keçmiş, 2000-ci ildə 29, 2001-ci ildə 16, 2002-ci ildə 34, 2003-cü ildə 21, 2004-cü ildə isə 22, 2005-ci ildə 27, 2006-cı ildə 37, 2007-ci ildə 31, 2008-ci ildə 18 kitab işıq üzü görmüş, hər il orta hesabla 150-yə yaxın elmi və elmi-kütləvi məqalə nəşr olunmuşdur. Yeni şəraitdə institutun işlədiyi problematika da genişləndirilmiş, Azərbaycan əlyazma kitabının tarixi, paleoqrafiya məsələləri, islamşünaslıq, tarixi mənbəşünaslıq, elm tarixi və tərcümə tarixi istiqamətlərində işlər də həyata keçirilməyə başlamışdır. Həmin sahələr üzrə nəşr edilmiş «Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri», «Türk mətninin transfoneliterasiya problemləri», «Azərbaycan əlyazmalarında filiqranlar», T.Nurəliyevanın «Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma kolleksiyalarının əhəmiyyəti», K.Şərifovun «Mətnşünaslığın əsasları» və «Əbdülqəni Nuxəvi Xalisəqarızadə», A.Xəlilovun «İlk Azərbaycan kitabı», A.Musayevanın «Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı», S.Cabbarlının «XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları» kimi bir sıra əsərlər milli yazı tariximizin və əlyazma kitabı mədəniyyətimizin ayrı-ayrı sahələrinin tədqiqi istiqamətində uğurlu addım kimi qiymətləndirilə bilər. İnstitutun əməkdaşlarından E.Seyidbəylinin «Qarabağ torpaq mülkiyyətinə aid arxeoqrafik materiallar. Gövhər ağa Cavanşirin sənədləri» və «Naxçıvan torpaq mülkiyyətinə aid XVII-XVIII əsr Kəngərli arxeoqrafik sənədləri» kitabları, T.Həsənzadənin «Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin əsərlərində Azərbaycan tarixi məsələləri» monoqrafiyası, yenə onun hazırladığı Marağalı Məhəmmədhəsən xanın «Xeyrati-hesan» əsərindən iqtibaslar, R.Məmmədovanın səfəvilər dövrü və Nadir şahla bağlı sənədlər əsasında nəşr etdirdiyi tədqiqatlar, A.Ramazanov və K.Şərifovun nəşr etdirdikləri Mir Möhsün Nəvvabın «1905-1906-cı illərdə erməni-müsəlman davası», N.Səmədovanın nəşr etdirdiyi M.S.Ordubadinin «Həyatım və mühitim» memuarı və məktubları, Ə.Bağırovun hazırladığı M.S.Ordubadinin «Qanlı illər» əsəri, eləcə də «Azərbaycan Xalq Cümhuriyyəti-80» sənədlər və mənbələr toplusu, iri həcmli «Rəşid bəy Axundov. Məktublar, sənədlər, tərcümələr, məqalələr» kitabı Azərbaycanın yaxınuzaq mədəni, ictimai-siyasi və sosial keçmişini öyrənmək üçün müasir tarixşünaslıq elminə qiymətli faktlar verir. Z.Əbilovanın nəşr etdirdiyi Əbdüssəlam Axundzadənin «Müqəddəs peyğəmbərlər tarixi», N.Göyüşov və M.Babaşovun nəşrə hazırladıqları Əbu Turab Axundzadənin «İslamın təfriqə səbəbləri» kitabı, N.Göyüşovun «Qur'an və irfan işığında» və «Qur'anda dünyaşünaslığın əsasları», S.Nemətzadənin «Əllamə Hilli və onun «İrşadül-əzhan ila əhkamil-iman» əsəri» monoqrafiyaları Azərbaycanda islamın yayılması tarixinin ilkin mənbələr əsasında öyrənilməsi üçün qiymətli mənbələrdir. M.Nağısoylunun «Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti», «Əhmədinin «Əsrarnamə» tərcüməsi», «XVI əsr Azərbaycan tərcümə abidəsi «Şühədanamə», «Şirazinin «Gülşəni-raz» tərcüməsi» milli tərcümə mədəniyyəti tariximizin tədqiqinə xidmət edir. Orta əsrlər Azərbaycanında elmin müxtəlif sahələrinin inkişaf tarixini tədqiq etmək istəyən mütəxəssislər üçün son illərdə nəşr edilmiş Xacə Nəsirəddin Tusinin «Adabül-mütəəllimin» (tərcüməçi: K.Şərifov), «Övsafül-əşraf» (tərc. R.Şeyxzamanlı), «Si-fəsl» (tərc. K.Abdullayev), «Təzkirə» (tərc. Ə.Əmirəhmədov) risalələrinin və fundamental «Şərhül-İşarat» (tərc. S.Bayramlı) əsərinin, Mehdi ibn Əli Nağı Şərifin «Zadül-müsafirin» (tərc. K.Abdullayev), Məhəmməd Yusif Şirvaninin «Tibbnamə» (nəşrə hazırlayanlar: M.Sultanov, A.Ramazanov və b.) kitabının, eləcə də F.Ələkbərovun nəşr etdirdiyi «Şərqin 1001 sirri» və «Tibbnamə» monoqrafiyalarının böyük əhəmiyyəti vardır. Bu dövrdə nəşr edilmiş Ş.Cəmşidovun «Kitabi-Dədəm Qorqud» (tarixi, coğrafi, tekstoloji tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni)» monoqrafiyası, C.Qəhrəmanovun, Z.Hacıyevanın, Ş.Xəlilovun nəşr etdirdikləri «Suli Fəqih. «Yusif və Züleyxa», «Yusif Məddah. «Vərqa və Gülşah», «Mus-tafa Zərir. «Yusif və Züleyxa», M.Nağısoylu və S.Bayramlının nəşr etdirdikləri «Möhsün Nəsiri. «Lisanüt-teyr» kimi qiymətli mənbələr, Ə.Məmmədbağıroğlu və A.Ramazanovun nəşr etdirdikləri Mir Möhsün Nəvvabın divanı, A.Musayevanın nəşr etdirdiyi Ruhi Bağdadinin divanı Azərbaycan dili və ədəbiyyatı tarixi ilə məşğul olan mütəxəssislərə və geniş oxucu kütləsinə qiymətli töhfə olmuşdur.
Müstəqillik dövründə institutda anadilli abidələrin orijinal qrafikada elmi-tənqidi mətnlərinin hazırlanması və nəşri işində də nəzərəçarpacaq nailiyyətlər əldə edilmiş, H.M.Əliyevin tərtibatında Məhəmməd Füzuli divanının, A.Babayevanın tərtibatında Füzulinin «Leyli və Məcnun» məsnəvisinin, A.Şəriflinin tərtibatında İsanın «Mehri və Vəfa» poemasının, P.Kərimovun tərtibatında Əlican Qövsi Təbrizi divanının, A.Musayevanın hazırladığı Dədə Ömər Rövşəni divanının, Xətib Təbrizinin T.Əkbərov tərəfindən hazırlanmış «Yusif və Züleyxa» məsnəvisinin elmi-tənqidi mətnləri ilk dəfə çap edilərək mütəxəssislər arasında yayılmışdır. Əlyazmaların kataloqlaşdırılması və arxiv materiallarının biblioqrafik göstəricilərinin nəşri sahəsində irəliləyiş də qeyd edilə bilər. 1994-cü ildən bəri institutda türk əlyazmaları kataloqunun iki cildi, ərəb əlyazmaları kataloqunun üç cildi, fars əlyazmaları kataloqunun üç cildi, Məhəmməd Füzulinin biblioqrafiyası (tərtibçilər: C.Qəhrəmanov və A.Xəlilov), Xacə Nəsirəddin Tusinin biblioqrafiyası (tərt. A.Xəlilov və A.Musayeva), «Kitabi-Dədə Qorqud»un biblioqrafiyası (tərt. A.Xəlilov), Qarabağın biblioqrafiyası (tərt. A.Xəlilov), «Füyuzat» jurnalının biblioqrafiyası, Xaqani Şirvaninin biblioqrafiyası (tərt. A.Xəlilov), həmçinin C.Nağıyevanın «Yusif Vəzir Çəmənzəminli arxivinin təsviri» və M.Məmmədovanın «Müslim Maqomayev arxivinin təsviri», eləcə də «Firidun bəy Köçərlinin şəxsi arxivi», «Əzim Əzimzadənin şəxsi arxivi» kitabları nəşr edilmişdir. İnstitutun kataloqları həm də 1993-cü ildə Dubayda, 2001-ci ildə Tehranda, 2002-ci ildə Küveytdə çapdan çıxmışdır.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 şöbə və 1 laboratoriya fəaliyyət göstərir:
1) Türkdilli əlyazmaların tədqiqi şöbəsi,
2) Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi,
3) Farsdilli əlyazmaların tədqiqi şöbəsi,
4) Şəxsi arxivlərin tədqiqi şöbəsi,
5) Biblioqrafiya və xidmət şöbəsi,
6) Tərcümə və informasiya şöbəsi,
7) Əlyazmaların kataloqlaşdırılması şöbəsi,
8) Mətnlərin nəşrə hazırlanması şöbəsi,
9) Əlyazmaların gigiyena və bərpası laboratoriyası

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.