ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.hieb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

                 AMEA Əlyazmalar İnstitutunun 2005-2015-ci illərdəki ən mühüm nəaliyyətləri


                                                                                     =2005=
Problem: Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri
Mənaqibi-Şeyx Səfi
Müasir elmi tədavülə cəlb etmək üçün nəzərdə tutulmuş “Mənaqibi-Şeyx Səfi” əsəri orta əsrlərə aid Azərbaycan yazılı abidələri içərisində həm həcminə, həm fundamentallığına, həm də dil abidəsi olduğuna görə böyük əhəmiyyət daşıyır. 1357-ci ildə Azərbaycan alimi İbn Bəzzaz Ərdəbilinin fars dilində yazdığı “Səfvətüs-səfa” əsərindən 1542-ci ildə Məhəmməd bin Hüseyn Katib Nişatinin “Mənaqibi-Şeyc Səfi” adı altında tərcümə etdiyi bu əsər 2005-ci ilədək heç bir yerdə nəşr edilməmişdir. Əsərdə XII-XIV əsrlərdə Azərbaycanın ictimai-siyasi həyatının ümumi mənzərəsi verilmiş, Şərqdə geniş yayılan təsəvvüfün mahiyyəti, onun başlıca müddəaları açıqlanmış, xalqın həyatı və məişəti, dünyagörüşünün əsas xüsusiyyətləri ilə bağlı bir sıra məqamlar, hökmdar-rəiyyət, mürşid-mürid münasibətləri öz əksini tapmışdır. Tərcümə mətni Azərbaycan tarixi, etnoqrafiyası, ictimai fikir tarixi məsələlərinin hərtərəfli tədqiqi baxımından dəyərli bir mənbədir. Xalq danışıq üslubunda qələmə alınmış tərcümə çeşidli dil faktları ilə olduqca zəngindir.
Tərcümənin əsas məzmununu Səfəvilərin ulu babası, Səfəviyyə təriqətinin qurucusu Şeyx Səfiəddinin (1254-1339) həyatı və kəramətləri haqqında qələmə alınmış hekayətlər təşkil edir. Əsasən nəsrlə yazılmış tərcümədə nəzm parçaları da vardır.
Tərcümə əsəri 12 babdan ibarətdir. Nəşrə hazırlanmış mətnin ümumi həcmi 800 səhifədir.
İcraçılar: M.Nağısoylu, filologiya üzrə elmlər doktoru,
S.Cabbarlı, filologiya üzrə fəlsəfə doktoru,
R.Şeyxzamanlı, elmi işçi.
                                                                                     =2005=
Problem: Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri
Fətullah Şirvani. Məcəllə fil-musiqa.
2005-ci ilədək adı milli elm tarixində tanınmamış XV əsr Azərbaycan müsiqişünası Fətullah Əbdülmömin Şivaninin (h.857/m.1453-cü ildə vəfat etmişdir) “Məcəllə fil-musiqa” (“Musiqi haqqında risalə”) əsərinin əlyazma nüsxəsi İstanbulun Topqapı Sarayı Kitabxanasının Sultan III Əhməd şöbəsində mühafizə olunur. Geniş müqəddimə və hər biri beş fəsli əhatə edən iki hissədən ibarət bu əsərdə ümumiyyətlə elmlərin təsnifatına, musiqi tarixinə,musiqi nəzəriyyəsi və təcrübəsinə dair dəqiq və qiymətli məlumatlar toplanmışdır. Şərq və Azərbaycan muğam elminin özündən əvvəlki klassiklərinin əsərlərinə, xüsusən Səfiəddin Urməvinin “Kitabül-ədvar” traktatına istinad edən müəllif bu əsərdə Azərbaycan musiqi elmi üçün orjinal olan bir sıra qiymətli fikirlər irəli sürür.
Həcmi 204 səhifədir.
Əsər Azərbaycan Respublikası Prezident Aparatının təklifi ilə Muğam layihəsi çərçivəsində plandankənar nəşrə hazırlanmışdır.
Ərəb dilindən tərcümə edən Əmirşah Əmirəhmədov,
və ön sözün müəllifi: elmi işçi
                                                                                      =2005=
Problem: Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri
Səfiəddin Urməvi. Kitabül-ədvar.
Azərbaycan musiqi mədəniyyəti tarixinin ən görkəmli nümayəndələrindən olan Səfiəddin Əbdülmömin Urməvinin (1230-1294) “Kitabül-ədvar” (“Musiqidə dairələrlə tanış olmaq üçün müxtəsər məlumat kitabı”) əsəri 15 fəsildən ibarətdir. Burada musiqi tonlarının tərifi verilir, onların səviyyələri, pərdələrin bölünməsi, interval nisbətləri, dissonans, həmahənglik, dairə tonlarının uyğunluğu, dairə təbəqələri, qeyri-adi köklənmə, eləcə də muğamın emosional təsiri və musiqi təcrübəsinə başlamaq qaydaları və s. haqqında zəngin elmi məlumatlar təqdim edilir.
Əsərin ərəb dilindəki orjinalı və başqa dillərə tərcüməsi nəşr edilsə də, Azərbaycan dilində nəşri işi 2005-ci ilədək həyata keçirilməmişdir.
Həcmi 100 səhifədir.
Əsər Azərbaycan Respublikası Prezidenti Aparatının təklifi ilə Muğam layihəsi çərçivəsində plandankənar nəşrə hazırlanmışdır.
Ərəb dilindən tərcümə edən: Müqəddəs Payızov,
filologiya üzrə fəlsəfə doktoru
                                                                                       =2005=
Problem: Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri
Səfiəddin Urməvi. Risalei-şərəfiyyə.
XIII əsr Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli xadimi Səfiəddin Əbdülmömin Urməvinin (1230-1294) fundamental “Risalei-şərəfiyyə” (“Kompozisiya nisbətləri və ritm elmi haqqında şərəfiyyə risaləsi”) traktatı qədim yunan və birinci minillik orta əsr Şərq musiqişünaslarının əsərlərinə istinadən, onların redaktəsi və həmin kitablara faydalı əlavələr edilməsi yolu ilə yazılmışdır. Əsər 5 fəsildən ibarətdir. Burada səs və onunla bağlı məsələlər, musiqidə ədədlərin bir-birinə nisbətləri, intervalların alınması, konsonans və dissonans pillələri, intervalların artırılması və bir-birindən ayrılması imkanları, böyük interval təşkil edən oktavalarda cinslərin tətibi və nisbətləri, ritmlər, onların nisbət dairələri, əməli olaraq melodiya bəstələmək qaydaları və s. elmi şəkildə araşdırılmışdır.
Kitab həm də xəttat kimi tanınan müəllifin özünün yazdığı avtoqraf nüsxəsi əsasında hazırlanmışdır.
Tərcümənin həcmi 142 səhifədir.
Əsər Azərbaycan Respublikası Prezident Aparatının təklifi ilə Muğam layihəsi çərçivəsində plandankənar tərcümə edilmişdir.
Ərəb dilindən tərcümə edən : Hacı Müzafəddin Əzizov,
elmi işçi
                                                                                    =2006=
1. Nailə Səmədova. Azərbaycan memuar ədəbiyyatı tarixi. Bakı: Nurlan, 2006, 331s.
Monoqrafiyada Azərbaycan memuar ədəbiyyatı ilk dəfə hərtərəfli və sistemli şəkildə araşdırılmış, onun yaranma, təşəkkül və inkişaf tarixi tədqiq olunmuşdur. Burada Azərbaycan şair və yazıçılarının gündəlik, tərcümeyi-hal və xatirələri, onların əlyazma və arxiv materialı şəklində qalmaqda olan memuarları təhlil olunmuşdur.

2. Lamiyə Süleymanova. Süleyman Çələbinin “Vəsilətün-nicat” əsərinin tekstoloji tədqiqi və elmi-tənqidi mətni. Bakı: Nurlan, 2006, 408 s.
Süleyman Çələbi Bursalının (-1422) 1409-cu ildə tamamladığı “Vəsilətün-nicat” Yaxın və Orta Şərqdə, xüsusilə vətəni Türkiyədə ən çox sevilən, oxunan əsərlərdən biri sayılır.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı onlarla əlyazması bu abidənin Azərbaycanda geniş yayıldığını təsdiqləyir.
Kitab iki hissədən ibarətdir. Birinci hissə “Vəsilətün-nicat”ın əsasən Bakı nüsxələri əsasında tekstoloji tədqiqinə həsr olunmuşdur. İkinci hissə əsərin 244 səhifəlik elmi-tənqidi mətnindən ibarətdir.
Bu araşdırma Azərbaycanda Süleyman Çələbi Bursalı irsinin öyrənilməsi, onun “Vəsilətün-nicat” əsərinin tekstoloji tədqiqi və elmi-tənqidi mətninin hazırlanması yolunda ilk addımdır.

3. Sağəri Qarabaği. Divan (Həyatü məmat). Bakı: Nurlan, 2006, 440s.
Kitab XIX əsrdə Azərbaycanın qədim Şuşa şəhərində yaşayıb yaratmış, Məhəmməd Füzuli ədəbi məktəbinin istedadlı davamçılarndan Molla Zeynalabdin Sağəri Qarabağinin (1791-1854) AMEA Əlyazmalar İnstitutunda saxlanılan türk divanı əsasında nəşrə hazırlanmışdır. Burada həmçinin şairin həyat və yaradıcılığı haqqında təzkirə və cünglərdə əksini tapmış məlumatlar əsasında onun şəxsiyyəti, taleyi, ailəsi ilə bağlı faktlar təqdim edilmişdir.
İcraçı: Kiçik elmi işçi: Gülər Əmirəhmədova

4. Fihrisü-mə`hədil-məxtutatil-ərəbiyyə bi-Azərbaycan. Əl-Küveyt: Mən-şuratü-mərkəzil-məxtutati vət-türasi vəl-vəsaiq, 2002, 159 s.
AMEA Əlyazmalar İnstitunda mövcud olan 300-dən artıq ərəbdilli seçilmə əlyazmanın elmi-paleoqrafik təsvirini əhatə edən bu kataloq institutun əməkdaşı, filol.ü.f.d. Müqəddəs Payızov tərəfindən ərəb dilinə tərcümə edilmiş, dörd il qabaq Küveytdə nəşr olunsa da, yalnız 2006-cı ildə nümunəsi Əlyazmalar İnstitutuna daxil olmuşdur. Bu kataloq 1993-cü ildə Dubayda nəşr olunmuş Azərbaycan əlyazmaları kataloqundan sonra ərəb dünyasında işıq üzü görmüş ikinci Azərbaycan kataloqudur.
                                                                                 =2007=
1. Türk əlyazmaları kataloqu. I cild. Folklor abidələri və müəllifsiz əlyazmalar. Bakı: Elm, 2007, 220 s.
Türk əlyazmalarının kataloqunun I cildi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən türkdilli folklor abidələrinin və şifahi xalq ədəbiyyatının təsiri altında, eləcə də dini-mifoloji təfəkkürün məhsulu kimi qələmə alınmış müəllifi məlum olmayan əlyazmaların elmi-paleoqrafik təsvirini əhatə edir. Burada institutun kolleksiyasında saxlanılan Yazılı dastan abidələrinin, hekayətlərin, nağılların, kiçik həcmli folklor materiallarının və s. 362 Əlyazmasının təsviri verilmişdir.
Əlyazmaları Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Şamil Cəmşidov və filologiya üzrə elmlər namizədi Əli Məmmədbağıroğlu təsvir etmişlər. Kataloqun redaktoru filologiya üzrə elmlər doktoru Məmməd Adilovdur.

2. Fars əlyazmaları kataloqu. III cild (rusca). Bakı: Nurlan, 2007, 446 s.
Fars əlyazmaları kataloqunun III cildinə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən Azərbaycan və başqa Şərq xalqlarının tarixə, ilahiyyata, məntiq və fəlsəfəyə, astronomiyaya, tibbə və farmokologiyaya, musiqişünaslığa, poetikaya, etikaya, dilçiliyə, siyasətşünaslığa, sosiologiyaya və bədii ədəbiyyata aid 563 farsdilli əlyazmasının müfəssəl elmi-paleoqrafik təsviri daxil edilmişdir.
Cildin tərtibçisi filologiya üzrə elmlər doktoru Cənnət Nağıyeva, redaktoru filologiya üzrə elmlər doktoru Möhsün Nağısoyludur.

3. Ərəb əlyazmaları kataloqu. III cild (rusca). Bakı: Nurlan, 2007, 320 s.
Ərəb əlyazmaları kataloqunun III cildi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kolleksiyasında mövcud olan Azərbaycan və digər İslam Şərqi xalqlarının XIII-XIX əsrlərə aid qrammatika, ədəbiyyatşünaslıq, fiqh, tarix, riyaziyyat və astronomiyaya dair 582 əlyazmasının elmi-paleoqrafik təsvirini əhatə edir.
Cildin tətibçisi və redaktoru filologiya üzrə elmlər doktoru K.K.Şərifovdur.

4. Əski çap kitabları kataloqu. II cild. Farsdilli kitablar. Bakı: Nurlan, 2007, 440 s.
Bu kataloqda dünya alim və ədiblərinin, o cümlədən azərbaycanlı müəlliflərin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən 1780-1930-cu illərdə nəşr olunmuş farsdilli daşbasma və əski çap kitablarının təsviri təqdim olunmuşdur.
Kataloqu tarix üzrə elmlər doktoru Tahirə Həsnəzadə tərtib etmişdir.


                                                                                   =2008=
1. Sadiq bəy Əfşar. Məcməül-xəvas. Bakı: Elm. 2008. 412 s.
XVI-XVII əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən biri olan Sadiq bəy Əfşar (Sadiqi) daha çox özünün «Məcməül-xəvas» təz- kirəsi ilə məşhurlaşmışdır. Orjinalı cığatay dilində yazılmış bu əsər 1948-ci ilde Təbrizdə fars dilində tərcüməsi ilə birlikdə nəşr edilmiş, bundan sonra təzkirəyə müraciət edən alim və tədqiqatçıların sayı daha da çoxalmış, Azər- baycan ədəbiyyatı tarixinin yazılmasında «Məcməül-xəvas» təzkirəsinin rolu artmışdır. Bununla yanaşı, cığatay və fars dillərini bilməyən tədqiqatçılar həmi- şə bu təzkirədən istifadə etməkdə çətinlik çəkmiş, təzkirənin öz mətninə mü- raciət etmək əvəzinə, çox vaxt ayrı-ayrı elmi mənbələrdə təzkirədən gətirilmiş iqtibaslara müraciət etməli olmuşlar. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün Sadiq bəy Əfşrınn «Məcməül-xəvas» təzkirəsi AMEA Əlyazmalar İnsti- tutunda orjinal cığatay mətni və fars dilinə tərcüməsi əsasında Azərbaycan dilində nəşrə hazırlanmışdır.
İcraçı: filol.ü.f.d. Əkrəm Bağırov.

2. Фарид Алекперов. Тысяча и один секрет Востока. II том. Баку: Нурлан, 2008.
Tarix elmləri doktoru, biologiya elmləri namizədi Fərid Ələkbərlinin «Şərqin min bir sirri» (rusca) monoqrafiyasının ikinci cildinə qədim və orta əsr mənbələrindən qədim təbabət haqqında qiymətli məlumatlar toplanmış, qədim Şərq, o cümlədən, Azərbaycan elmi və mədəniyyəti, tarix, dövlətçilik tarixi və fəlsəfə sahəsində günümüz üçün aktual olan zəngin informasiya verilmişdir. Kitabda bir çox mənbələrdən, o cümlədən, AMEA Əlyazmalar İnstitutunda mü- hafizə edilən qədim və orta əsr yazılı abidələrindən istifadə etməklə Azər- baycan mədəniyyəti fenomeni kulturoloji təhlilə cəlb edilmişdir. Burada orta əsr Azərbaycanında ənənəvi təbabətin mənbələri və nəzəri əsasları, e.ə. IV - b.e. XIX əsrin sonlarına qədər Azərbaycan xalqının tibb mədəniyyəti və elmi, ölkədə fəaliyyət göstərmiş orta əsr universitetləri, müalicəxanaları və əczaxa- naları, habelə orta əsr xalq təbabəti və s. kimi bir sıra problemlər işıqlan- dırılmışdır.


                                                                                      =2009=
1. Каталог тюркских рукописей. II том. Баку: Нурлан, 2009.
Rus dilində nəşr edilmiş “Türkdilli əlyazmalar kataloqu»nun II cildinə Azərbaycan, Türkiyə və Orta Asiya xalqlarının türkdilli ədəbiyyat klassiklərinin XIII-XX əsrin əvvəllərində yazıb-yaratdıqları 420-dək poeziya nümunələrinin elmi-paleoqrafik təsviri daxil edilmişdir. Həmin əsərlərin bir sıra mətnləri zəmanəmizə məcmuə halında gəlib çatsa da, bu kataloqda onlardan hər biri ayrılıqda təqdim edilmiş, hər bir əlyazmanın yaradıcıları, fərdi parametrləri, əvvəli və sonu, köçürülmə yeri və tarixi haqqında klassik üslubda müfəssəl təsvir verilmişdir.
Kataloq türkdilli Azərbaycan əlyazmalarının qeydə alınması işinin davamı kimi mühüm əhəmiyyət daşıyır, orta əsr türk şairlərinin şəxsiyyətini və yaradıcılığını təbliğ etməyə və müvafiq abidələrin müasir elmi tədqiqatlara cəlb olunmasına xidmət edir.
Elmi-paleoqrafik təsvirin müəllifləri: Kollektiv
Tərtibatçı-redaktor: filol.ü.e.d. Məmməd Adilov

2. Kamandar Şərifli. Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadə kitab- xanasının kataloqu. I cild. Bakı: Nurlan, 2009, 425 s.
AMEA Əlyazmalar İnstitutunun əsasında duran kolleksiyalardan ən zəngini XIX əsrin görkəmli Azərbaycan pedaqoqu, kitabşünası və xəttatı Əbdülqəni əfəndi Nuxəvi Xalisəqarızadənin kitabxanasıdır. Əbdülqəni əfəndi Xalisəqarı- zadə (1817-1879) əldə etdiyi və ya üzünü köçürüb çoxaltdığı əsərlərdən ibarət zəngin bir əlyazma kitabı kolleksiyası təsis etmiş, həmin kitabxanadan Şəkinin və ətraf yerlərin ziyalıları kütləvi şəkildə istifadə etmişlər. Vəfatından sonra Xalisəqarızadə kitabxanasının müəyyən hissəsi dağıdılsa da, burada olan 2000-dən artıq əlyazma nüsxəsi XIX-XX əsrin birinci yarısı mədəniyyət xadimlərinin şəxsi arxivləri ilə birlikdə sonralar yaradılmış Əlyazmalar İnstitutunun əsasını təşkil etmişdir. Alim və mütəxəssislərin sərəncamına təqdim edilən bu kataloqda həmin şəxsi kitabxananın elmi-paleoqrafik təsviri verilmiş- dir. 3. Haşım bəy Saqib.Divan. Bakı:Nurlar, 2009,512s. XIX əsrin sonu -XX əsrin ilk onilliklərinin xalq arasında məşhur Abşeron şairlərindən biri də Haşım bəy Saqib olmuşdur. «Məcməüş-şüəra» ədəbi məclisinin fəal üzvlərindən olan şairin əsərləri indiyədək ayrı-ayrı mənbələrdə yalnız nümunələr şəklində dərc edilmişdir. Onun əlyazma dəftərləri və kitab- ları isə bugünədək nəşr edilməmiş qalırdı. Təqdim olunan nəşrə Saqibin təd- qiqatçı Hacı Mustafa Mailoğlu tərəfindən divan şəklində tərtib olunmuş bütün əsərləri daxil edilmişdir. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab nəfis poliqrafik xüsusiyyətləri ilə də diqqəti cəlb edir.
Redaktorları: filol.ü.e.d. Məmməd Adilov, Hacı Arif Buzovnalı.


                                                                                      =2010=
1. Mir Həmzə Seyid Nigari. Divan. Bakı: Elm və təhsil, 2010, 824 s.
XIX əsrin böyük sufi şairi və mütəfəkkiri Mir Həmzə Seyid Nigarinin qə- zəlləri, qitələri, rübailəri, saqinaməsi, qəsidələri, çarparəsi, tərkibbəndi, tərcibəndi, təxmisləri, müstəzadı, heca vəznində yazılmış şeirlərini əhatə edən türk- cə divanı ilk dəfə çox yüksək nəfis tərtibatla ayrıca kitab şəklində nəşr edilmiş- dir. İlahi eşqi tərənnüm edən şairin şeirlərində vətənə, xüsusən onun doğulub boya-başa çatdığı Qarabağ torpağına sonsuz məhəbbət, mənəvi saflıq, yük- sək bəşəri hisslər, həmçinin mənsub olduğu nəqşbəndi təriqətinin başlıca ide- yaları, nəzəri əsasları öz əksini tapmışdır.
İcraçı: filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli.


                                                                                       =2011=
1. Paşa Kərimov. XVII əsr anadilli Azərbaycan lirikası. Bakı: Nurlan, 2011, 354 s.
Müəllif uzun illər ərzində apardığı elmi axtarışların nəticəsi olan bu monoqrafiyasında dünyanın müxtəlif əlyazma xəzinələrindən, AMEA Əlyazmalar İnstitutundan tapdığı yeni materialların köməyi ilə XVII əsr lirikamız barədə yeni söz deyə bilmiş, dövrün anadilli poeziyasının coğrafiyasını, tədqiqi və nəşri tarixini, mövzu dairəsini, ənənə və yenilikçiliyə münasibət məsələlərini, janr və forma xüsusiyyətləri və bədii ifadə vasitlərini hərtərəfli araşdırmışdır. Əsərdə Azərbaycan ədəbiyyatı tarixi üçün naməlum qalan bir sıra şairlər barədə ilk dəfə məlumat vermişdir. Burada həmçinin onların və ədəbiyyat tarixində yalnız adları çəkilən ayrı-ayrı ədiblərin yaradıcılığının geniş təhlili verilmişdir. Əsər XVII əsr anadilli Azərbaycan lirikası haqqında mövcud təsəvvürləri genişləndirməyə xidmət edir.

2. Azadə Musayeva. Xarici ölkələrdə saxlanan Azərbaycan əlyazmalarının kataloqu (Şərq əlyazmaları əsasında). 3 cilddə. Bakı, Elm, 2011, I cild, 412 s.; II cild, 452 s.; III cild, 309 s.
Dünyanın müxtəlif Şərq əlyazmaları kataloqlarından istifadə edən müəllif əldə etdiyi məlumatlar əsasında Azərbaycan əlyazma kitablarının iri həcmli kataloqunu hazırlamışdır. Kitab ayrı-ayrı abidələrimizin dünyanın hansı kitabxana və ya muze- yində saxlandığını bilmək istəyən tədqiqatçılarımızın işini xeyli asanlaşdıracaqdır.

3. Kamandar Şərifli. Mətnşünaslığın nəzəri əsasları. Bakı: Nurlan, 2011, 366 s.
Kitabda Azərbaycan ədəbiyyatşünaslığı tarixində ilk dəfə olaraq mətnşünaslıq elminin tarixi kökləri və inkişaf yolları, eləcə də çağdaş mətnşünaslıq, onun metod və prinsipləri kompleks şəkildə araşdırılmışdır. Bu tədqiqat işinin əsasını AMEA Əlyazmalar İnstitutunda saxlanan çoxsaylı türkdilli, farsdilli və ərəbdilli abidələr təşkil etmişdir.


                                                                                     =2012=
1. Azadə Musabəyli. Şeyx İbrahim Gülşəni və türk divanı. 2 cilddə. Bakı: Elm və təhsil, 2012, 1215 s.
Kitab XV-XVI əsrlər ədəbiyyatımızın görkəmli nümayəndəsi, xəlvətiyyə təriqətinin Gülşəniyyə qolunun şeyxi İbrahim Gülşəni Bərdəinin həyat və yaradıcılığı barədə ilk ətraflı tədqiqat işidir. Tədqiqatçı Gülşəninin yaradıcılığına obyektiv dəyər verə bilmək üçün əsasən əlyazmalara müraciət etmiş, onun əldə olan türk, ərəb, fars dillərindəki bütün əsərlərini araşdırmışdır. Birinci cilddə İbrahim Gülşəninin həyat və yaradıcılığının tədqiq tarixi, əlyazma irsi, türk divanı əlyazmaların elmi-paleoqrafık təsviri, tekstoloji tədqiqi məsələləri əhatə olunmuşdur. İkinci cilddə Gülşəni Bərdəinin türk divanının 6 əlyazma nüsxəsi əsasında müqayisəli mətni və «Pəndnamə»si müasir əlifbada oxuculara təqdim olunur.

2. Paşa Kərimov. XVII əsr anadilli Azərbaycan poeziyası (İcmal və portret oçerklər). Bakı: Nurlan, 2012, 200 s.
Əsasən dünyanın müxtəlif əlyazma xəzinələrində, eləcə də AMEA Əlyazmalar İnstitutunda saxlanan əlyazma materiallarından istifadə edən müəllif adları ədəbiyyat tariximizdə çəkilməyən və ya az tanınan, anadilli əsərləri nəşr və tədqiqdən kənarda qalan Sadiq bəy Əfşar, Mürtəzaqulu xan Zəfər, Vəhid Qəzvini, Tərzi Əfşar kimi XVII əsr şairlərimizə portret-oçerklər həsr etmişdir. Kitabda dövrün böyük şairi Qövsi Təbrizi barədə yeni əldə edilmiş daha mükəmməl əlyazmaların köməyi ilə dəyərli məlumatlar verilmişdir.
Kitaba daxil edilmiş «XVII əsr anadilli lirikamızda hind üslubu şairləri», «XVII əsr anadilli lirikamıza dair Əlyazmalar İnstitutunda saxlanan materiallar», «XVII əsr anadilli Azərbaycan lirikasında qocalıq mövzusu» məqalələri dövrün ədəbiyyatınm indiyədək naməlum qalmış tərəflərini işıqlandırır.


                                                                                      =2013=
1. Azadə Musabəyli. Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları (Tekstoloji-filoloji araşdırmalar). I cild. Bakı: Elm və təhsil, 2013, 400 s.
Monoqrafıyada Azərbaycan əlyazma kitablarının yaranma-yayılma arealı, tarixi təkamülü, spesifikası, elmi təsnifatı, ədəbiyyatımızın başlıca qaynağı olması ilə bağlı konkret araşdırmalar aparılmışdır. Türkiyədə, Misirdə, Bağdadda yaranan Azərbaycan, Azərbaycanda yaranan Türkiyə ədəbiyyatının vətəndə, daha çox isə müxtəlif ölkələrdə üzə çıxarılaraq çətinliklə əldə edilmiş bir sıra nadir əlyazma qaynaqları ilk dəfə kompleks şəkildə, qarşılıqlı əlaqələr kontekstində tekstoloji-filoloji baxımdan müqayisəli tədqiq edilmişdir.


2. Paşa Kərimov. Sadiq bəy Sadiqinin türkdilli yaradıcdığı. Bakı: Elm və təhsil, 2013,159 s.
Kitabda XVI-XVII əsrlərdə yaşamış görkəmli Azərbaycan şairi, ədəbiyyatşünası və rəssamı Sadiq bəy Sadiqinin türkdilli yaradıcılığı - ana dilində, cığatayca yazdığı şeirlər, təzkirə və məktublar ilk dəfə olaraq bütövlükdə tədqiq edilir. Müəllif şairin əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan əlyazmaları əsasında yaradıcılığını təhlil etmiş, onun türkdilli lirikasının özəllikləri, ədəbiyyat tariximizdəki mövqeyi, şəxsi insani keyfıyyətləri barədə fıkir söyləmişdir.

3. Türk əlyazmaları kataloqu. I cild. Folklor abidələri və müəllifsiz əlyazmalar (Təsvir və tərtib edənlər: Şamil Cəmşidov, Əli Məmmədbağıroğlu). Bakı: Elm və təhsil, 2013, 285 s.
Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafızə edilən türkdilli folklor abidələrinin və şifahi xalq ədəbiyyatının təsiri altında, eləcə də dini-mifoloji təfəkkürün məhsulu kimi qələmə alınmış müəllifı məlum olmayan əlyazmalarm elmi-paleoqrafık təsvirini əhatə edir. Kataloq mənbəşünas mütəxəssislər, türkoloqlar, folklor ədəbiyyatımızın tədqiqatçıları üçün dəyərli mənbədir.


                                                                                     =2014=
Problem: Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri
«XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri» (18 m.v.) adlı tədqiqat yerinə yetirilmişdir.
Tədqiqatda ilk dəfə olaraq Əfşarlar və Qacarlar imperatorluqlarının yaradılmasında əsas rol oynamış azərbaycanlılar - Əfşar və Qacar ellərindən olan tarixi şəxsiyyətlər barədə məlumat verilmişdir. Tədqiqatçı İran alimi Mehdi Bamdadın “Tarixi-ricali-İran” (“İran ərənlərinin tarixi”) əsərindən bir mənbə kimi istifadə edərək, adı çəkilən dövlətləri yaratmış, onları inkişaf etdirmiş siyasətçi, sərkərdə, həkim və digər peşə sahiblərini nəzərdən keçirmişdir.
Əsər Azərbaycan xalqının şərəfli tarixini öyrənmək istəyənlərə dəyərli töhfədir.
İcraçı: tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə


Problem: Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri
«Mir Mehdi Xəzainin həyat və yaradıcılığı » (15 m.v.) adlı tədqiqat işi yerinə yetirilmişdir.
Tədqiqatda ilk dəfə olaraq ХIХ əsrdə yaşamış görkəmli Azərbaycan tarixçisi və şairi Mir Mehdi Xəzainin həyatı, elmi və bədii yaradıcılığı bütövlükdə nəzərdən keçirilmiş, əlyazma materialları əsasında ədəbi irsi, şeirləri ortaya çıxarılmışdır. Əsər ХIХ əsr Azərbaycan ədəbiyyatı tarixinin daha hərtərəfli öyrənilməsi baxımından böyük maraq kəsb edir
İcraçı: filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov


                                                                                       =2015=
1.“Nadir şah Əfşar: diplomatik yazışmalar” / elmi redaktoru və ön sözün müəllifi: akademik Ramiz Mehdiyev, (əsəri farscadan tərcümə edən, nəşrə hazırlayan və qeydlərin müəllifi Rauf Şeyxzamanlı), Bakı, Şərq-Qərb, 2015, 224 səh.
Akademik Ramiz Mehdiyevin elmi redaktorluğu və geniş ön sözü ilə hazırlanmış “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı çapdan çıxmışdır. Əlyazmalar İnstitutunun materialları əsasında çap edilmiş əsər institutun elmi şurasının qərarı ilə nəşr edilib. Ön sözdə akademik Ramiz Mehdiyev Yaxın və Orta Şərqin, o cümlədən, Azərbaycan və İranın tarixində silinməz iz buraxmış, Qərb tarixçilərinin “Şərqin Napaleonu” adlandırdıqları Nadir şah Əfşarın siyasi mübarizəsi barədə fikir söyləmiş, bu görkəmli dövlət xadiminin fəaliyyətini müasir dövrümüzün, müstəqilliyimizin, dövlətçiliyimizin tələbləri baxımından işıqlandırılması zərurətini vurğulamışdır.
Kitabın fars dilindən tərcüməçisi, əsəri nəşrə hazırlayan və qeydlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Rauf Şeyxzamanlı, redaktoru institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.
27 may 2015-ci il tarixdə AMEA-nın Rəyasət Heyətində akademik Akif Əlizadənin sədrliyi ilə kitabın təqdimat mərasimi keçirilmşdir.

2.Aybəniz Rəhimova. Mirzə İsmayıl Qasir 210, Bakı, Şərq-Qərb, 2015, 503 səh.
XIX əsrdə yaşamış görkəmli Azərbaycan şairi Mirzə İsmayıl Qasirin 210 illik yubileyi münasibətilə «Axundzadə Mirzə İsmayıl Qasir – 210” adlı kitab şairin nəticəsi Tufan Axundov tərəfindən yenidən tərtib edilmiş və öz şəxsi vəsaiti hesabına “Şərq-Qərb” nəşriyyatında çap etdirilmişdir. M.İ.Qasirin buraya daxil edilmiş həyat və yaradıcılığı haqqında monaqrafik araşdırma fil.ü.f.d.Aybəniz Rəhimovaya məxsusdur.Şairin şeirlərini müasir əlifbaya transfoneliterasiya edənlər fil.ü.e.d. Paşa Kərimov və fil.ü.f.d. Tahirə Nurəliyevadır. Farsca şeirlərin tərcüməçisi Məmmədağa Sultanovdur.


3.Kamandar Şərifov. “Mir Mohsun Navvab. The Armenian-muslim war of 1905-1906”, Bakı, Qanun, 2015, 95 səh.
Mir Möhsün Nəvvabın bu əsəri hal-hazırda istər Dağlıq Qarabağda, istərsə də digər bölgələrdə gedən müharibənin səbəblərinin, onun tarixi köklərinin və erməniləri dəstəkləyən qüvvə və tərəflərin öyrənilməsində və xarici qüvvələrin bu bölgədə apardıqları siyasətin aşkarlanmasında dəyərli mənbədir.


4. Möhsün Nağısoylu. “Вопросы палеографии, лингвистики и перевода в «Шухеда-наме» ( XVI в.)”, Saarbrücken, Lap Lambert Academic Publishing, 2015, 178 səh.
Almaniyanın “LAP LAMBERT” Akademik Nəşrlər nəşriyyatında AMEA-nın müxbir üzvi, professor, Əlyazmalar İnstitutunun Farsdilli əlyazmalar şöbəsinin müdiri Möhsün Nağısoylunun rus dilində “Şühədanamə”də poleoqrafiya, dil və tərcümə məsələləri” (XVI əsr) monoqrafiyası çapdan çıxmışdır. Giriş, üç fəsil və nəticədən ibarət olan tədqiqat işində XVI əsr müəllifi Məhəmməd Hüseyn Nişatinin Azərbaycan türkcəsində yazdığı “Şühədanamə” əsəri bədii sənət, tərcümə nümunəsi, dil abidəsi kimi ətraflı tədqiq edilmişdir. Monoqrafiyada, ümumiyyətlə, orta əsrlərdə dilimizə tərcümə məsələləri ciddi tədqiqat obyektinə çevrilmişdir.


5.Azərbaycanda memarlığın kitabxana-informasiya təminatı sistemi / elmi məsləhətçi : f.e.d. A. İ.Əliyeva-Kəngərli, redaktor: Q.Cəfərova, Bakı, 2015, 176 səh.
Monoqrafiya Azərbaycanda tarixi milli-memarlıq məktəblərinin öyrənilməsi, müasir memarlıq məktəblərinin fəaliyyətinin tədqiqi, memarlıq abidələrinin bərpası sahəsində tədqiqat aparan peşəkar gənc mütəxəssis memarların elmi fəaliyyətinin kitabxana-informasiya təminatı istiqamətində aparılan ilk elmi-tədqiqat əsəridir.
Tədqiqat əsəri gənc memarların elmi-mədəni və təhsil sahələrində daha fəal iştirakını və onların elmi-tədqiqat fəaliyyətlərində sənəd-informasiya kütləsinin rolunu müəyyənləşdirməyi və gənclərin, eləcə də sahə üzrə mütəxəssislərin Azərbaycanın memarlığına dair zəngin kitabxana-informasiya resursları ilə ətraflı tanış etməyi nəzərdə tutur.
Monoqrafiya tələbələr, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


6.A.Тахирзаде. Ашуровы. Документальная история рода: монография, Баку, 2015, 288 səh.
Azərbaycan, Ukrayna və Rusiyanın arxivlərində, onlarca şəxsi arxivdə axtarışlar aparan professor Ə.Tahirzadə çar, Cümhuriyyət, sovet və müstəqillik dönəmləri dövri mətbuatını diqqətlə incələyərək, çoxlu ixtiyarların xatirələrinə baş vuraraq olduqca zəngin material toplayıb və tarixşünaslığımızda indiyədək öyrənilməmiş Aşurovlar nəslinin 300 illik tarixini ortaya qoyub. Çar dönəmində Bakı Şəhər Dumasında 5 deputatla, Cümhuriyyət Parlamentində 1 deputatla və ilk müstəqil dövlətimizdə 1 nazirlə təmsil olunaraq dövlətçiliyimizə xidmət etmiş, Azərbaycan gəmiçiliyi tarixində önəmli yer tutmuş, erməni-müsəlman qırğınlarında soydaşlarımızın müdafiəsini təşkil etmiş... Aşurovların dünəni və bugünü əsərdə Azərbaycan tarixinin şərəfli bir səhifəsi kimi oxuculara təqdim edilir.


7.Azərbaycanda nəşriyyat tarixi / elmi red.: f.e.d. A. İ.Əliyeva-Kəngərli, Bakı, Gənclik, 2015, 424 səh.


8.Kitabxana innovatikasının elmi-nəzəri və təcrübi məsələləri / elmi məsləhətçi: f.e.d. A. İ.Əliyeva-Kəngərli, ixtisas redaktoru: F.Hüseynova, Bakı, 2015, 178 səh.
Kitabın müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Nərminə Abdullayeva, elmi məsləhətçisi İnstitutun direktor müavini. fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, ixtisas redaktorları Əlyazmalar İnsitutunun “Elektron resurslar” şöbəsinin müdiri Firəngiz Hüseynova və “Kitabxana və elmi informasiya” şöbəsinin müdiri Qutiyera Cəfərovadır.
Monoqrafiyada qabaqcıl xarici nəzəriyyə və təcrübədə kitabxana innovasiyalarının tətbiqi məsələləri, onların növləri, innovasiya fəaliyyətinə təkan verən zəruri amillər, innovativ kitabxana xidmətinin forma və metodları araşdırılmış, elmi-təcrübi fəaliyyətdə kitabxanaların innovativ inkişafına təkan verəcək konkret təkliflər verilmişdir.


9.Библиотечное дело в Азербайджанской Республике (история, теория, практика) / науч. ред.: д.ф.н.А.И.Алиева-Кенгерли, Баку, 2015.


10.Elmira Qasımova, Afaq Əliyeva. “Molla Nəsrəddin” (1906-1931)”, Bakı, Avropa, 2015, 198 səh.
Oxucuya təqdim olunan bu biblioqrafik göstərici gizli imzaların toplanılması və spesifikliyi baxımından ilk təşəbbüsdür.
Kitab iki hissədən ibarətdir: I hissədə müxtəlif fasilələrlə 25 il nəşr olunan «Molla Nəsrəddin» jurnalının 1906-1921, II hissədə isə 1922-1931-ci illərin mətnindəki bütün gizli imzalar qeydə alınmışdır.


11.Esmira Cavadova. «Деятельность Гасан Бека Меликова (Зардаби) в Бакинской Городской Думе (1897-1907)» (“Həsən bəy Məlikov Zərdabinin “Bakı Şəhər Dumasında fəaliyyəti”).Баку, Элм ве техсил, 2015, 555 səh.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Həsən bəy Zərdabinin 1897-1907-ci illərdə Bakı Şəhər Dumasındakı fəaliyyətini əks etdirən «Деятельность Гасан Бека Меликова (Зардаби) в Бакинской Городской Думе (1897-1907)» (“Həsən bəy Məlikov Zərdabinin “Bakı Şəhər Dumasında fəaliyyəti”) adlı rus dilində kitab çapa hazırlanmışdır.
Kitabı tərtib edən və ön sözün müəllifi İnstitutun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, tar.ü.f.d. Esmira Cavadova, elmi redaktoru elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimovdur. 555 səhifədən ibarət olan kitab 21 iyul 2015-ci il tarixində Əlyazmalar İnstitutunun Elmi Şurasının 11 fevral 2015-ci il tarixli, 1 saylı iclasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur.
Kitabda ilk dəfə tanınmış ictimai xadim və vətənpərvər ziyalı Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyəti “Kaspi” qəzetinin materialları əsasında işıqlandırılmış və dumanın iclasları haqqında şərhlər verilmişdir. Kitab tarixçilər, iqtisadçılar, Həsən bəy Zərdabi irsini öyrənənlər və geniş oxucu kütləsi üçün faydalı ola bilər.


Teymur Kərimli. Akademik Mirzə İbrahimov, Bakı, Elm, 2015, 135 səh.
Monoqrafiyada AMEA-nın beşiyi başında duranlardan biri, görkəmli Azərbaycan yazıçısı, dramaturqu, publisisti, ictimai-siyasi xadim, akademik Mirzə İbrahimovun həyatı, elmi və elmi-təşkilati fəaliyyəti tədqiqat obyekti kimi önə çəkilib. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın baş məsləhətçisi və elmi redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.


Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaların elektron kitabxanasının və elektron kataloqunun yaradılması.
İnstitutun fondunda saxlanılan əlyazmaların (türk, ərəb, fars dilli əlyazmalar) elektron kataloqunun formalaşdırılması məqsədilə ИРБИС-64 avtomatlaşdırılmış kitabxana-informasiya sistemi (AKİS) Əlyazmaların elektron resurslar şöbəsində kompyüterlərə yüklənmiş, AKİS-in işçi yerləri və serveri quraşdırılmış, lokal şəbəkə yaradılmışdır. ИРБИС-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin yenilənmiş, yəni düzəlişlər və əlavələr edilmiş son versiyası tətbiq olunmuşdur. Eyni zamanda, əlyazmaların elektron kataloqunun və elektron kitabxanasının yaradılması işini icra edən əməkdaşlar üçün AKİS-in təlimi keçirilmişdir. Nəticədə, 4330 nüsxə türk, fars və ərəbdilli əlyazma, türk dilində olan 720 nüsxə əski çap kitabları ИРБИС proqramı vasitəsilə elektron kataloqa daxil edilmiş, onların təsviri verilmişdir. 1 009 nüsxə türk, fars və ərəbdilli əlyazma müvafiq proseslərdən keçirilərək elektron kitabxananın bazasına daxil edilmişdir.
İcraçı: Şöbə müdiri Firəngiz Hüseynova, baş mütəxəssislər: Firəngiz Kərimova, Sevinc Mehdizadə, Səadət Nəsirova, Aytən Hüseynova, Sevil Zülfuqarova, Əfsanə Səfərova, Hüsniyyə Əliyeva, böyük laborant Briliant Hacıyeva.


Əlyazmalar İnstitutunun fondunda olan dəyərli türkdilli, ərəbdilli, farsdilli əlyazmaların təbliği məqsədi ilə LED – TV* “Elektron Sərgi köşkü”nün yaradılması.
Köşkdə Əlyazmalar İnstitutunun yerləşdiyi binanın tarixi, Əlyazmalar Fondunun və sonralar İnstitutun elmi fəaliyyət tarixi, ekspozisiya zalını ziyarət etmiş mötəbər yerli və xarici qonaqlarının şəkilləri və xatirələri, mühüm türkdilli, farsdilli və ərəbdilli abidələrin təbliği, institutda qorunan materialların gələn qonaqlara tanıtımı məqsədi ilə Azərbaycan və İngilis dillərində Power Point proqramı ilə hazırlanmış slayd tipli, bundan əlavə, video, audio formatda materiallar da toplanmışdır. Elektron sərgi tətbiq olunduğu gündən gələn qonaqların böyük marağana səbəb olmuşdur.
İcraçı: şöbə müdiri Nigar Babaxanova, baş rəssam Seyfəddin Məmmədvəliyev, elmi işçi Tünzalə Mustafayeva, kiçik elmi işçi Ülkər Heydərova, baş laborant Səadət Mustafayeva

 





ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014